• 16:00

Şəhid Bəhman Verdiyevin doğum günü qeyd olunub

13 Oktyabr 2021, 14:53

Tarixin hansısa səhifəsini vərəqləyib Azərbaycan xalqının taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. İnsanlarda anadangəlmə hiss, duyğu olan, nəyinsə, kiminsə naminə canından belə keçmək cəsarəti  məqamı yetişəndə başqalarından fərqli xüsusiyyət mütləq özünü büruzə verir. İnsanı məhkum etmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi şərəfi və fədakarlığı boğmaq olmaz. Bu vür şərəfli və vətənpərvər igidlərimizdən biri olan, Vətən müharibəsi şəhidi  Verdiyev Bəhman Dilqəm oğlunun  cənnətdəki ilk doğum günü qeyd olunub. Şəhidin yaxınları onun  keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar. Bildiriblər ki, Bəhman Verdiyev 1995-ci il oktyabrın 12-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 

 

O hər zaman vətən eşqi ilə alışıb yanıb. Hələ uşaqlıqdan doğma bayrağa bəslədiyi sevgisi ilə tanınıb. Yaşadığı evdə hər zaman bayrağı ən yüksək nöqtəyə yerləşdirər və daima işğalda olan torpaqların azad olunması gününü gözləyərdi. Hələ müddətli həqiqi hərbi xidmətdə olarkən  Bəhman 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin də iştirakçısı olub. Vətən müharibəsi başlayarkən isə könüllü olaraq orduya yazılıb. Ön  cəbhəyə yollanmaq xəbərini alarkən sevincinin həddi hüdudu olmayıb. Dediyi yeganə söz isə belə olub:  "Vətən məni səsləyir! Getməliyəm!"

 

Şəhidin atası Dilqəm Verdiyevin sözlərinə görə, Bəhman öz qorxmazlığı və cəsarəti ilə adını tarixə qızıl hərflərlə həkk edib.

 

Bəhmanın anası Vəsilə xanım isə oğlunun mehriban, qayğıkeş və ən əsası mərd bir gənc olduğunu vurğulayıb. O bildirib  ki, Bəhman anasına çox bağlı olub. Ancaq Vətən onu səsləyəndə arxasına belə baxmadan ön cəbhəyə düşməndən intiqam almağa yollanıb. 

 

Qəhrəman şəhidimizin yaxınları da onun müsbət keyfiyyətlərindən bəhs ediblər. 

 

Bəhmanın qardaşı Muğanın sözlərinə görə, Bəhman döyüşlər zamanı ən çox onunla əlaqə saxlayarmış. Söhbət zamanı heç vaxt hərbi sirri verməyən Bəhman qardaşına tezliklə zəfər müjdəsi olacağını bildirib. 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Bəhman Verdiyev  ölümündən sonra “Vətən uğrunda” “Cəsur döyüşçü” və Şuşanın azad olunmasına görə  medalları ilə təltif edilib.

 

"Şəhidlər ölməz, Vətən bölünməz" deyirlər. Sizin cismani yoxluğunuz sizi əbədi varlığa, bizi isə Vətənimizin varlığına qovuşdurdu.

Doğum günün mübarək, şəhidim!