• 18:11

"Riyaziyyat dahisi" adlandırılan şəhid leytenant Murad Nağıyev

11 Oktyabr 2021, 14:29

44 günlük Vətən müharibəsində döyüşərək qəhrəmanlıq göstərib şəhadətə ucalmaq alın yazısı imiş Muradın. Bir arzusu var idi,torpaqlarımızı düşmən tapdağından azad etmək! Elə bu məqsədlə canını Vətən uğrunda sipər edərək, gənc yaşında şəhidlik zirvəsinə ucaldı. Bu gün isə şəhid Muradın doğmaları qəhrəman leytenantın il dönümünü qeyd edirlər. Murad Mayıl oğlu Nağıyev 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan olub. Uşaq yaşlarından ailəsi ilə birlikdə Bakıya köçən Murad 2003-2011-ci illərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edən şəhidimiz yüksək nəticə göstərdiyinə görə İstanbuldakı Kuleli Hərbi Liseyinə göndərilib. Türkiyədəki təhsil aldığı illərdə xüsusən Riyaziyyat elmi sahəsindəki biliklərinə görə müəllimləri tərəfindən "Riyaziyyat dahisi" adlandırılan Murad 2015-ci ildə həmin liseyi uğurla başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. O, 2016-cı ildə təhsilini bitirərək Azərbaycana qayıdır və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) yenidən təhsil almağa qərar verir. 2020-ci ildə oradan tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olan Murad Nağıyev hərbçi olmaq üçün ömrünün 9 ilini bu sahənin incəliklərini öyrənməyə həsr edib.

 

Şəhid leytenant Murad Nağıyevin anası Xavər Məmmədli övladı ilə bağlı xatirələrindən danışıb.

 

Murad tank komandiri olaraq Cəbrayıl-Qubadlı istiqamətindəki döyüşlərdə düşmənin strateji obyektlərinin məhv edilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Onun idarə etdiyi tankı düşmən uzaqdan idarəolunan raket ilə vurub.Şəhid leytenant Murad Nağıyev ailədə üç qardaşdan ən kiçiyi olub. Qardaşı Orxan deyir ki, Murad döyüşlərin qızğın zamanı qorxmadan, çəkinmədən düşmən üzərinə yeriyib. Onun cəsarəti hər bir Azərbaycan gəncinə örnək olmalıdır.

 

Qəhrəman şəhidimizin anası Xavər xanımın isə hazırda tək bircə arzusu var. Bakıxanov qəsəbəsi 271 nömrəli tam orta məktəb qorxmaz şəhid Murad Nağıyevin adını daşısın.

 

Qeyd edək ki, Murad vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına ölümündən sonra Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə medalları ilətəltif olunub.

 

Vətənin azadlığı üçün yaşadı Murad.Onun həyatından geriyə uşaq təbəssümü və bir də Vətən üçün şəhid olmaq nümunəsi qaldı. Elə bir nümunə ki, bizə Vətənin bütövlüyünü ərməğan etdi. Bu ərməğanı isə gələcək nəsil şərəflə, Murad qədər cəsarətlə qorumalıdır.