• 06:15

Xaçmazda məzunlarla görüş keçirilib

09 Sentyabr 2021, 15:54

Xaçmazda ali məktəblərə qəbul olmaq üçün sənəd verən məzunlardan 13-ü 600-dən, 54-ü isə 500-dən yuxarı bal toplayıb.

 

Bu barədə Xaçmaz rayonunda bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr göstərən məzunlarla görüşdə bildirilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, son iki ildə Xaçmaz rayonunda 10 məktəb binası yenilənib. Bu il isə Qımılqışlaq kənd tam orta məktəbinin binası əsaslı təmir olunub, Köhnə Xudat kəndində isə modul tipli məktəb binası quraşdırılıb. Tədbirdə qeyd olunub ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020/2021-ci tədris ilində Xaçmaz rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd verən 767 məzundan 617-si tələbə adını qazanıb. Sonda 600-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.