• 06:59

Kürdəmirdə pambıq yığımına başlanılıb

08 Sentyabr 2021, 14:30

Kürdəmirdə pambıq yığımı başlayıb. İşlərin səmərəli şəkildə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülüb.

 

İlkin mərhələdə yığımda istifadə ediləcək ondan çox kombayn işlək vəziyyətdə fermerlərin istifadəsinə verilib. Bundan əlavə məhsulu daşımaq üçün 30-dan çox traktor qoşqusu da əraziyə cəlb edilib. Texnika cəhətdən heç bir problemin olmadığı, olacağı təqdirdə isə məhsul yığımına heç bir ziyan dəymədən aradan qaldırılacağı bildirilib. Pambığın dövlət tərəfindən alış qiymətinə edilən hər tona görə 50 manat artırım fermerləri daha da ruhlandırıb. Onu da qeyd edək ki, hava şəraitinin yaxşı keçəcəyi təqdirdə 1 ay ərzində məhsul yığımının başa çatacağı gözlənilir.

 

Məhsulun əksər hissəsinin texnika vasitəsilə yığılacağı bildirilib ki, bu da öz növbəsində vaxt itkisinin və israfın qarşısını almış olacaq. Qeyd edək ki, məhsuldarlıq rayonun bütün yerlərində özünü eyni dərəcədə göstərmir. Elə sahələr var ki, ötən il hər hektara görə 32 sentner məhsul verib, amma ümumi rayon üzrə məhsuldarlıq isə hər hektara 29 sentnerdir. Bu il məhsuldarlığın ötənilkinə nisbətən daha yüksək olacağı gözlənilir.