Tanınmış şəxslər Şeyxülislama qarşı aparılan kampanyalara münasibət bildiriblər

...ölkənin tanınmış ictimai-siyasi xadimləri QMİ sədrinə qarşı bu kampaniyaya etiraz ediblər

Bakı, , İnteraz - 28 Iyul 2021, 15:25

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin qurban bayramında Təzəpir məscidində etdiyi çıxış bir neçə gündür KİV-də və sosial şəbəkədə müzakirə olunur.

 

İnterAz xəbər verir ki, ölkənin tanınmış ictimai-siyasi xadimləri QMİ sədrinə qarşı bu kampaniyaya etiraz ediblər.

 

 

Milli Məclisin deputatı, doktor Rəşad Mahmudov yazıb ki, dövlət tərəfindən tanınan bir məqama və onun rəhbərinə hörmət və nəzakət hamımızın ortaq məsuliyyətidir: “Son günlər sosial şəbəkələrdə bütün Qafqazın Şeyxi Allahşükür Paşazadəyə qarşı ədalətsiz və əsassız ittihamlar məni də bir vətəndaş kimi təəssüfləndirir. Belə bir kövrək zamanda bu ittihamların kökündən yanlış olduğunu hesab edirəm və diqqətli olmağı, yalnız sağlam düşüncəyə, idraka söykənib hisslər burulğanına büdrəməməyi tövsiyə edirəm”.

 

R.Mahmudovun sözlərinə görə, Şeyxülislamın sonuncu çıxışını dinləyən siyasət və dindən xəbəri olanlar.  Şeyx həzrətlərinin əslində nə demək istədiyinin fərqində olarlar: “Lakin məni təəssüfləndirən həm də bəzi sosial  şəbəkə istifadəçilərinin Şeyxin çıxışına çılğıncasına yanlış yorumlar vermələridir. Bunu bəlkə də, bilməyərəkdən edirlər. Qeyd edim ki, belə münasibət və həqarətli çıxışlar xarici düşmənlərimizin əlinə fürsət verə bilər.Bu sanki milli və dini zəmində qarşıdurmalar yaratmaya hesablanıb”.

 

Deputat qeyd edib ki, ölkəmizdə dövlət-din münasibətlərində son otuz ildə heç bir problem olmayıb və ola da bilməz: “Belə bir zamanda Azərbaycanın bütün sahələrdə uğurlarını qəbul etmək istəməyən xarici mənfur qüvvələr yatmayıblar, əksinə, bu günlər daha çox fəallaşıblar; onlar hər vasitə ilə insanların çox həssas nöqtələrini hədəfə alır, ədavət toxumu səpməyə çalışırlar”.

 

R.Mahmudov vurğulayıb ki, Şeyxülislamın şəxsinə qarşı münasibət fərqli ola bilər: “Amma o, hər zaman dövlətə və dövlətçiliyimizə sadiq, fəaliyyəti ilə Prezidentimizin yanında olub, Ulu Öndərin silahdaşı kimi xalqımızın ən çətin durmunda Onunla birgə addımlayıb! Dini lider kimi fəaliyyəti  dönəmində heç vaxt xalqımızın birliyinə, müstəqilliyimizə, dövlətçiliyimizə və İslam həmrəyliyinə xələl gətirməyib. Buna görə də hesab edirəm ki, sağlam məntiq və düşüncə sahiblərimiz Şeyxə qarşı həqarətli hücumlara göz yummayacaq, sosial şəbəkələrdə dini liderimizlə bağlı əsassız ittihamlara tutarlı cavab verəcəklər!”

 

Deputat deyib ki, QMİ sədri dünyada tanıdığı dini liderlər arasında bəlkə də ən ədalətlisi, ən tolerantı, ən çox dövlətə və dövlətçiliyə sadiq olub, ən az populist olanıdır: “Şeyxin maşını və rəsmi iqamətgahı haqda fikir yürüdənlər yəqin gonşu müsəlman ölkələrində dəyanət işləri rəhbərlərinin və rəsmi dini liderlərin at arabasında gəzib, çadırda yatdığını düşünürlər”.